Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Yeni il şənliyi keçirilib. Bayram tədbirində Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicə alan və Regional İnformasiya Mərkəzində tədrisə cəlb edilən sağlamlıq imkanları məhdud 30 uşaq iştirak edib.
Tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs ansamblı, Estetik Tərbiyə Mərkəzinin rəqs qrupu mahnı və rəqs nömrələri ilə uşaqlara xoş dəqiqələr bəxş ediblər. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları isə müxtəlif tamaşalardan səhnəciklər göstəriblər.
Şənlikdə iştirak edən Şaxta baba, Qar qız uşaqlarla rəqs edib, şən nəğmələr səsləndiriblər.
Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.