MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” bu kateqoriyadan olan uşaqların təhsilə cəlbi istiqamətində həyata keçirilən tədbirlərin davamlılığını təmin edir.

Dövlət Proqramının icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların bacarıq və maraqları nəzərə alınaraq məktəbdənkənar müəssisələrin dərnəklərinə cəlbi istiqamətində bir sıra işlər görülüb.  Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Məırkəzində fəalyyət göstərən rəssamlıq bölməsinə sağlamlıq imkanları məhdud 10 uşaq cəlb olunub. Bölmədə uşaqlara rəsm sənətinin  incəlikləri öyrədilir.

Beynəlxalq Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dekabrın 2-də rəssamlıq bölməsinə cəlb olunan uşaqların Bəhruz Kəngərli Müzeyinə ziyarətləri təşkil olunub. Muzey Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin xatirəsinə yaradılıb. Muzeydə rəssamın həyat və fəaliyyəti ilə bağlı sənədlər, onun rəsm əsərləri nümayiş etdirilir. Nümayiş etdirilən eksponatlar rəssamın həyat və yaradıcılığı barədə uşaqlarda dolğun təəssürat yaradıb.

Uşaqlar müzeydən xoş ovqatla ayrılıblar.