27-29 noyabr tarixlərində Bakı şəhərində sağlamlıq imkanları məhdud şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Müsabiqəsi keçirilib. Müsabiqədə məhdud fiziki imkanlı şəxslər bədii yaradıcılığın müxtəlif növlərində (muğam, mahnı, rəqs, instrumental ifaçılıq, poeziya, bədii qiraətvə sairə) istedad və qabiliyyətlərini nümayiş etdiriblər.
Tədbirdə muxtar respublikanı bədii yaradıcılığın instrumental ifaçılıq, mahnı və bədii qiraət növləri üzrə istedad və bacarıqları ilə fərqlənən 3 nəfər Naxçıvan şəhər sakini Sənan Salmanov (tar), Sədərək rayon sakini Məhəmməd Əhmədov (mahnı), Babək rayon sakini Kənan Feyzullayev (bədii qiraət) təmsil edibdir. Kənan Feyzullayev bədii qiraət üzrə 3-cü yerə layiq görülmüş, tar ifaçısı Sənan Salmanov isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fərqlənmə diplomu ilə təltif olunmuşdur.
Müsabiqənin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud şəxslərin istedad və qabiliyyətlərinin aşkara çıxarılması, onların yaradıcılıq əzminin yüksəldilməsi və cəmiyyətə inteqrasiyalarının təmin edilməsidir.