Noyabrın 12-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər. Bildirilib ki, xüsusi qayğıya ehtiyacı olan şəxslər dövlətimizin hərtərəfli qayğısı əhatəsindədirlər. Onların sosial reabilitasiyaları, təhsil almaları, cəmiyyətə inteqrasiyaları, habelə asudə vaxtlarını səmərəli keçirmələri istiqamətində davamlı tədbirlər görülür.
Vurğulanıb ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyəti olan şəxslərin informasiya texnologiyalarının imkanlarından istifadələri üçün hərtərəfli şərait yaradılıb. Bu kateqoriyadan olan şəxslər üçün brayl əlifbasının tədrisi üzrə kurslar təşkil olunur, aylıq jurnal nəşr edilir, həmçinin onlara audio kitabxana xidməti göstərilir.
Qeyd edək ki, həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə tədbirlər keçirilib. Bu tədbirlərdə, ümumilikdə, görmə məhdudiyyəti olan 300 şəxsə sovqat təqdim olunub. Tədbirdə iştirak edə bilməyən görmə məhdudiyyəti olan şəxslərə evlərində baş çəkilib, onlara sovqat verilib.
Sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu Şərur rayonunda təşkil olunan tədbirdə konsert proqramı ilə çıxış edib.
Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ictimaiyyətin diqqətini gözdən əlillik və zəif görmə problemlərinə cəlb etmək məqsədilə 13 noyabr tarixi Beynəlxalq Gözdən Əlillər Günü kimi təsis edilib. Bu tarix dünyada ilk dəfə gözdən əlillər üçün qabartmalı şriftlər yaradan və görmə məhdudiyyəti olan şəxslərə təlim keçən fransız pedaqoqu Valentin Qayuinin (1745-ci il) anadan olduğu gündür.