Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunan "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"na uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil məktəblərinə cəlbi diqqət mərkəzində saxlanılır.
Sentyabrın 15-i bütün məktəblərdə olduğu kimi, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində də hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən distant tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlar 2016-2017-ci tədris ilinin ilk dərsini keçib. Hazırda mərkəzdə 24 hərəkət qabiliyyəti məhdud şagird təhsil alır, onların təhsili ilə 4 müəllim məşğul olur. Distant tədrisə yeni cəlb olunan iki uşağın yaşadığı mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və veb-kameralar qoyulub.
Eyni zamanda mərkəzdə fəaliyyət göstərən görmə qabiliyyəti məhdud uşaqlar üçün xüsusi ibtidai məktəbdə də uşaqların iştirakı ilə ilk dərslərə başlanılıb. Günün ikinci yarısında isə eşitmə qabiliyyəti məhdud şəxslər üçün, həmçinin bu kateqoriyalı uşaqlardan təşkil olunan məktəbyaşlı qrupa daktilo əlifbasının tədrisi üzrə ilk distant dərs keçilib. Distant dərsi sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika Xüsusi İnternat Məktəbinin müəllimi tədris edir.
Məlumat üçün bildirək ki,Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlara müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlər təşkil edilir və müxtəlif sosial reabilitasiya xidmətləri göstərilir. Təlimlərə bu kateqoriyadan olan yeni uşaqların cəlbi istiqamətində fəaliyyətə başlanılıb.
Qeyd edək ki, Bilik Günü ərəfəsində Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayonlarında keçirilmiş tədbirlərdə aztəminatlı, həmçinin distant tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlara məktəbli geyimi və ləvazimatları təqdim olunub.