Muxtar respublikada sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Onların sağlam böyümələri, biliklərə yiyələnmələri, milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişmələri istiqamətində həyata keçirilən tədbirlər bu qəbildən olan uşaqlara göstərilən dövlət qayğısının bariz ifadəsidir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin davamlılığını təmin edib, inklüziv və məsafədən (distant) təhsil imkanlarını artırıb. Dövlət proqramının tədrisə cəlb edilmiş aztəminatlı sağlamlıq imkanları məhdud uşaqların məktəbli geyimi və ləvazimatları ilə təmin edilməsi bəndinin icrası diqqət mərkəzindədir.
Bilik Günü ərəfəsində Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayonlarında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə adıçəkilən kateqoriyalardan olan məktəblilərlə görüşlər keçirilib.
Təhsil Nazirliyində təşkil olunan tədbiri giriş sözü ilə təhsil naziri Məmməd Qəribov açaraq muxtar respublikada təhsilə göstərilən diqqət və qayğıdan, o cümlədən təhsil infrastrukturunun yenilənməsindən, uşaqların təhsil hüquqlarının təmin olunması üçün hərtərəfli şəraitin yaradılmasından danışıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial reabilitasiyası, onların təhsilində müasir üsulların tətbiqi və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən davamlı tədbirlərdən söz açıblar və şagirdləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edərək təhsildə uğurlar arzulayıblar.
Sonda aztəminatlı sağlamlıq imkanları məhdud şagirdlərə, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara məktəbli geyim forması, çanta və dərs ləvazimatları verilib.
Tədbirdə iştirak edən sağlamlıq imkanları məhdud uşaqların valideynləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Bilik Günü münasibətilə muxtar respublikada keçirilən tədbirlərdə, ümumilikdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 271 aztəminatlı sağlamlıq imkanları məhdud, Təhsil Nazirliyi tərəfindən hər iki valideynini itirmiş 49, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən isə aztəminatlı ailələrdən olan 80 uşağa təhsil sovqatı təqdim edilib.
Qeyd edək ki, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilməyən və distant tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud 24 uşağa məktəbli geyim forması, çantası və dərs ləvazimatları evlərində təqdim olunub.