“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili bəndinin icrası istiqamətində müxtəlif tədbirlər keçirilir. Avqustun 31-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin və Rəssamlar Birliyinin təşkilatçılığı ilə Əcəmi Seyrangahında sağlamlıq imkanları məhdud uşaqlar arasında „Naxçıvan-Tarixi Abidələr Diyarı“ adlı rəsm müsabiqəsi keçirilib.
Müsabiqə iştirakçıları ilk öncə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanış olublar. Sonra Naxçıvanın memarlıq məktəbinin ən dəyərli abidələrindən olan Möminə xatın türbəsinin yanında sağlamlıq imkanları məhdud 10 uşaq kağız üzərində sulu boyalarla tarixi abidələrimizin təsvirini əks etdiriblər.
Kağız üzərində sulu boyalarla çəkilən rəsmlərə münsiflər heyətinin baxışı olub. Münsiflər heyətinin rəyinə əsasən müsabiqənin qaliblərinə hədiyyələr, digər iştirakçılarına isə həvəsləndirici mükafatlar təqdim edilib.
Bu qəbildən olan tədbirlər sağlamlıq imkanları məhdud istedadlı uşaqların yaradıcılıq potensialının, rəssamlıq təfəkkürünün inkişafına, habelə onların mənəvi dünyasının zənginləşməsinə xidmət edir.