Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı sağlamlıq imkanları məhdud uşaqların, eyni zamanda valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, eləcə də aztəminatlı ailələrin uşaqlarının asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlər davam etdirilir.
Dünən M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün Nağı İsmayılzadənin “Ağca və Bozca” pyesi əsasında hazırlanmış tamaşa göstərilib. Tamaşaya bu kateqoriyadan olan 75 uşaq baxıb. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Rafael Qədimov, bəstəkarı Əli Məmmədovdur. Teatrın aktyorları İlham Babayevin (Bozca), Şölə Novruzbəylinin (Ağca), Süleyman Süleymanovun (Xoruz), Mir Qabil Əkbərovun (Tülkü) və başqalarının canlandırdıqları surət və personajlar uşaqlarda şən nağıl dünyasına səyahət yaratmaqla maraqla qarşılanıb.