MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, təhsili, onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsi, habelə cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzindədir. "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"  bu kateqoriyadan olan uşaqların  sosial reabilitasiyası sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.  Cari ilin ötən dövrü ərzində Dövlət Proqramına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların istedad və bacarıqlarının  aşkara çıxarılması, yaradıcılıq potensiallarının dəstəklənməsi  məqsədilə bədii yaradıcılıq müsabiqəsi, rəsm sərgisi, idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq iyunun 14-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm  nazirliklərinin və Rəssamlar Birliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqların rəsm və əl işlərindən ibarət  sərgi-müsabiqə keçirilib. 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda təşkil olunan tədbirdə 24 müəllifin, 21 adda müxtəlif  janrlarda çəkdikləri rəsmlər, 3 adda apilkasiya və 51  adda əl işləri nümayiş etdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Mədəniyyət və Turizm  naziri Natəvan Qədimova və Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva sərginin açılış mərasimində çıxış edərək sağlamlıq imkanları məhdud uşaqlara göstərilən dövlət qayğısından, onların istedadlarının inkişafı üçün yaradılan şəraitdən bəhs ediblər. Bildiriblər ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hər il sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə yaradıcılıq müsabiqələri, bilıik və idman yarışları təşkil edilir. Bu qəbildən olan tədbirlər istedadlı uşaqlarınfərdi qabiliyyət və bacarıqlarının inkişafına, həmçinin onların estetik duyğularının formalaşmasına stimul verir. Bu kateqoriyadan olan uşaqların yaradıcılıq potensiallarının dəstəklənməsi onlarda özlərinə inam hissi aşılayır, yaradıcılıq əzmini daha da artırır.

Yuxarıda adları qeyd olunan təşkilatların nümayəndələrindən ibarət münsiflər heyətinin rəyi əsasında rəsm və əl işləri nominasiyaları üzrə qaliblər müəyyənləşdirilərək mükafatlandırılıb. Digər iştirakçılara isə həvəsləndirici diplom və hədiyyələr  təqdim olunub.  Sonra sərgiyə baxış keçirilib.

Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə  minnətdarlıqlarını bildiriblər.