MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda bu kateqoriyadan olan uşaqların istedadlarının aşkara çıxarılması və onların asudə vaxtının səmərəli təşkili üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. İl ərzində bu istiqamətdə müxtəlif tədbirlər keçirilib.

Həmin tədbirlərin davamı kimi dünən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət və Turizm nazirliklərinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Uşaq Teatrında məhdud fiziki imkanlı uşaqlar üçün “Meşə çaqqalsız olmaz” tamaşası nümayiş etdirilib.

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə hazırlanan, yazıçı Əli Səmədovun əsəri əsasında nümayiş etdirilən tamaşada alleqorik şəkildə ədalət, həqiqət uğrunda mübarizə əks etdirilir. Tamaşanın rejissorları Tofiq Seyidov və Nurbəniz Niftəliyevadır. Səhnə əsərində Nurgül Müslümova (Tülkü), Murad Namazov (Çaqqal), Cəfər Cəfərov (Dovşan), Məftun Bağırov (Kirpi), Məmməd Hüseynov (Dələ), Nicat Namazov (Ayı), İlkin Novruzov (Ağacdələn), Mais Hacıyev (Arı) maraqlı alleqorik surətlərin dili ilə günümüzlə səsləşən hadisələri canlandırıblar.

Məlumat üçün bildirək ki, tamaşada bütün rolları məhdud fiziki imkanlı uşaqlar ifa ediblər.

Sonda tamaşanın balaca aktyorlarına maraqlı ifalarına görə hədiyyələr təqdim edilib.