Muxtarrespublikada sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, təhsil alması və cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar RespublikasıAli Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” bu kateqoriyadan olan uşaqların təhsilinə göstərilən davamlı diqqət və qayğının bariz nümunəsidir. Qeyd edək ki, dövlət proqramının icrasına uyğun olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində diqqət zəifliyi olan və hiperaktiv uşaqların reabilitasiyası üçün təlim-bərpa otağı və fərdi, ailə və uşaq psixoloji dəstək xidməti yaradılıb. Məqsəd sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasınısürətləndirmək, onların təhsil almasına, cəmiyyətə daha fəal inteqrasiyasına nail olmaqdır.
Nitqində qüsurlar olan uşaqlarla yanaşı, bəzi uşaqlarda diqqətsizlik və hiperaktivlik müşahidə olunur. Təlim-bərpa otağı da bu kateqoriyadan olan uşaqların reabilitasiyası, onların cəmiyyətə adaptasiyası üçün nəzərdə tutulub. Bu məqsədlə təlim-bərpa otağı müvafiq avadanlıqlarla, o cümlədən təlim vəsaitləri və diqqəti bərpa edən xüsusi avadanlıq (Play Attention) ilə təmin edilib. Həmin avadanlıq vasitəsilə diqqəti bərpa etmək üçün sakitləşdirici və fəallaşdırıcı məşğələlər təşkil olunur. Beş mərhələdən ibarət reabilitasiya məşğələləri zamanı kompüterin monitorunda hər seansdan sonra uşağın diqqətində baş verən dəyişikliyi müşahidə etmək mümkündür.
Reabilitasiya məşğələləri sağlamlıq imkanları məhdud uşaqların psixoemosional vəziyyətinin yaxşılaşmasına, onların narahatlıq və aqressiyasının azalmasına, yaddaş və qavrama qabiliyyətinin güclənməsinə, diqqətin cəmlənməsinə köməklik edir. Eyni zamanda reabilitasiya seansları uşaqlarda ünsiyyət qabiliyyətini də formalaşdırır. Psixoloji dəstək xidmətinin əsas vəzifəsi psixoloji problemləri olan uşaqların reabilitasiyası üçün rəyin və bu kateqoriyadan olan uşaqların valideynlərinə müraciət və tövsiyələrin verilməsidir. Qeyd edək ki, mərkəzə müraciət edən hər bir uşaqla bağlı psixoloq tərəfindən konsultasiya işi aparılacaq. Onun psixoloji sağlamlıq diaqnozu müəyyənləşdirilərək fərdi proqram hazırlanacaq. Sonra uşağın psixoloji və fərdi xüsusiyyətlərinin inkişafının təmin edilməsi məqsədilə o, müvafiq reabilitasiya xidmətinə cəlb ediləcəkdir. Bu kateqoriyadan olan uşaqların reabilitasiyasında valideyn və digər ailə üzvlərinin də rolu böyükdür. Bu məqsədlə onlarla maarifləndirici söhbətlər aparılacaq.