MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə  verilən tapşırıqların icrasına uyğun olaraq  aprel ayının 2-dən hər həftənin şənbə və bazar günləri muxtar respublika məktəblilərinin Ağbulaq İstirahət Mərkəzinə səyahətləri təşkil olunur. Bu layihədə  ümumtəhsil məktəblərinin sınaq imtahanlarında yüksək nəticələr göstərən şagirdlər, aztəminatlı ailələrin uşaqları, eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlar iştirak edirlər.

Aprelin 16-da sağlamlıq imkanları məhdud 39 məktəbli uşaq 6 valideynin müşayiəti ilə Ağbulaq İstirahət Mərkəzinə səfəri təşkil olunub.Məktəblilər əşyalarını yerləşdirdikdən sonra turizm mərkəzi ilə tanış olublar. Nahardan sonra şagirdlər pro­qrama uyğun olaraq müxtəlif idman yarışlarında iştirak ediblər. Mini-futbol meydançasında keçirilən futbol turnirində “Batabat” ilə “Ağbulaq” komandaları qarşılaşıb.

Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayram­ovun məktəblilərə keçdiyi “Naturadan rəsm” mövzusunda ustad dərsi də maraqlı olub. Bu vaxt uşaqlar arasında həm də rəsm müsabiqəsi keçirilib. Uşaqlar təbiət mənzərələrini kağıza köçürüblər.Uşaqlar onlar üçün təşkil edilən çay süfrəsindən sonra müxtəlif stolüstü oyunlarda şahmat və damaturnirində iştirak ediblər.

Şam yeməyindən sonra şagirdlər “Dolu” tammetrajlı bədii filmə baxıblar. Film Qarabağ müharibəsində Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. Filmin sona çatması ilə birlikdə məktəblilərin istirahət mərkəzində ilk gününün proqramı da yekunlaşıb və hər kəs onlar üçün ayrılan otaqlara yollanıb.

Səfərin ikinci gününün ilk saatlarında uşaqlar idman müəlliminin nəzarətində Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar.Sonra onlar  səhər gimnastikası ilə məşğul olublar.

Səhər yeməyindən sonra uşaqlar üçün “Nuh yurdu” intellektual oyunu təşkil edilib.Növbəti ustad dərsində rəssam Ağbulağın füsunkar mənzərələrini kətan üzərinə köçürərək etüd janrında çəkdiyi rəsm əsəri haqqında məktəblilərə ətraflı məlumat verib.Asfalt üzərində keçirilən rəsm müsabiqəsində müsabiqə iştirakçıları təbaşirlə rəsmlər çəkməklə öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər.

Nahar yeməyindən sonra uşaqlar mütaliə ilə məşğul olublar. Uşaqlar  Azərbaycan uşaq ədəbiyyatından nümunələri böyük həvəslə mütaliə ediblər.

İstirahət mərkəzinin idman sahəsində keçirilən voleybol və badminton idman növləri üzrə yarışlarda maraqlı keçib. Bundan sonra şagirdlərin Ağbulaq İstirahət Mərkəzinə səfəri başa çatıb.

Zəngin proqramı olan bu səfər hər bir şagirdin ürəyincə olub. Onlar Ağbulaqda yaxşı istirahət etməklə bərabər, yaradıcılıqlarını da inkişaf etdiriblər. Bu tədbirlər bir daha onu göstərdi ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqlara, həmçinin aztəminatlı ailələrin uşaqlarına böyük diqqət və qayğı var. Valideynlər göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.