MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

3 dekabr Beynəlxalq Əlillər Günü  münasibəti ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi A. Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanası ilə birlikdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində “Uşaqların Nağıl Dünyası” adlı səhərcik təşkil edib.

Tədbirdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin  və Uşaq Kitabxanasının  ümumilikdə, 20 uşaq oxuyucusu iştirak edib.

Təşkil olunan sərgidə uşaqlarla bağlı kitab və jurnallar, həmçinin Uşaq Kitabxanası oxuyucularının rəsm və əl işləri nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Uşaq Kitabxanasının direktoru Kamal Axundov uşaqları salamlayıb. Vurğulayıb ki, uşaqların sağlam böyüməsinə, hərtərəfli inkişafına dövlətimiz daim diqqət və qayğı göstərir. “Uşaqların Nağıl Dünyası” adlı tədbir göstərilən qayğının daha bir nümunəsi olub onların mütaliəyə olan maraqlarını artıracaq.

Kitabxananın əməkdaşı Vüsalə Cəfərova “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda çıxış edərək uşaqların bilikli, vətənpərvər, milli dəyərlərimizə sadiq vətəndaş kimi yetişmələrində kitabların rolundan bəhs edib.

Tədbirin bədii hissəsində Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin və  Uşaq Kitabxanasının oxuyucuları  vətənpərvərlik mövzusunda  şeirlər səsləndiriblər.

Sonra Uşaq  Kitabxanasının əməkdaşları uşaqlarla birlikdə  plastilin və tikmə-biçmə işləri görüb, onlarla birlikdə şeirlər ifa edib, həmçinin onlara tapmaca və nağıllar danışıblar.

Tədbirin sonunda Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin direktoru Ramin Səfərov çıxış edərək vurğulayıb ki,  bu qəbildən olan tədbirlərin keçirilməsi uşaqların bilik və dünyagörüşünün zənginləşməsi, intelektual səviyyələrinin yüksəlməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda Uşaq Kitabxanası tərəfindən tədbir iştirakçılarına hədiyyələr və sərgidə nümayiş etdirilən kitab və jurnallar mərkəzin kitabxanasına təqdim edilib.

Tədbir uşaqlarda xoş təəssürat yaradıb.