MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə noyabrın 25-də Naxçıvan Dövlət Filarmoniyasında məhdud fiziki imkanlı şəxslərin iştirakı ilə bədii yaradıcılıq müsabiqəsinə başlanılıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Sosial təminat və əlillərin sosial müdafiəsi şöbəsinin müdiri Elçin Novruzov, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Nizami Əzizəliyev çıxış edərək bədii yaradıcılığın növlərindən, məhdud fiziki imkanlı şəxslərə göstərilən dövlət qayğısından, onların istedadlarını inkişaf etdirmək üçün yaradılan şəraitdən bəhs ediblər.

Vurğulanıb ki, məhdud fiziki imkanlı şəxslərin iştirakı ilə bədii yaradıcılıq müsabiqəsinin keçirilməsində məqsəd bu kateqoriyadan olan insanların istedad və qabiliyyətlərinin aşkara çıxarılması, onların yaradıcılıq əzmlərinin yüksəldilməsi, cəmiyyətə inteqrasiyasının təmin edilməsidir.

Müsabiqədə iştirak edən 25 nəfər “xalq çalğı alətlərində ən yaxşı ifaçı”, “xalq mahnısını ən yaxşı ifa edən” və “ən yaxşı şeir qiraətçisi” nominasiyaları üzrə qabiliyyətlərini nümayiş etdirirlər.

Müsabiqə iki gün davam edəcək. 

Sonda müsabiqənin qaliblərinə mükafat, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim ediləcək.