MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Sentyabrın 15-i bütün məktəblərdə olduğu kimi  Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya  Mərkəzində də unudulmaz günlərdən birinə çevrildi.

Belə ki, həmin gün mərkəzdə hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən Distant Tədrisə cəlb olunan  sağlamlıq imkanları məhdud uşaqlar  2015-2016-cı  tədris ilinin ilk dərsini keçdi.

Eyni zamanda mərkəzdə fəaliyyət göstərən gözdən əlil uşaqlar üçün xüsusi ibtidai məktəbdə də  uşaqların iştirakı ilk tədrisə başlanıb.

Günün ikinci yarısında isə  eşitmə məhdudiyyəti olan şəxslər üçün, həmçinin məktəbyaşlı bu kateqoriyalı uşaqlardan  yeni təşkil olunan qrupa  daktilo əlifbasının tədrisi üzrə ilk distant dərs keçirilib. Distant dərsi sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin müəllimi tədris edir.

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya  Mərkəzində yaradılan defektoloji bölməyə,  əmək terapiyası otağına və müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərin artırılması məqsədilə təşkil edilən məşğələlərə sağlamlıq imkanları məhdud uşaqların cəlbi istiqamətində fəaliyyətə başlanıb.

Qeyd edək ki, bütün bu tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunan „2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Poqramı“nın icrasına uyğun olaraq həyata keçirilir.