Muxtar respublikada ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzindədir. Tənha ahıllara göstərilən dövlət qayğısının bir nümunəsi olan Ahıllar Evində sakinlərin rahat yaşaması üçün hər cür şərait mövcuddur. Sakinlərin sağlamlıqlarının qorunması, onların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə davamlı tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iyulun 23-də Ahıllar Evi sakinlərinin Naxçıvan şəhərinə gəzintisi təşkil edilib. Tədbir iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzində, Naxçıvan Dövlət Xalça, “Xan Sarayı“ Dövlət Tarix-Memarlıq və Açıq Səma Altında muzeylərdə olub, həmçinin Möminə xatın türbəsinə baxıblar.
Gəzinti iştirakçılarına müalicə mərkəzinin fəaliyyəti, tarixi abidələrimiz, muzeylərdə tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, gəzinti iştirakçıları üçün nəqliyyat vasitəsi ayrılıb, nahar və çay fasiləsi təşkil olunub.
Ahıllar onlar göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.