MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud 5 uşaq valideynlərinin müşayiəti ilə Türkiyə Respublikasının Dənizli şəhərində fəaliyyət göstərən Nobel Tibb Mərkəzinə göndərilib. İyulun 10-da həmin uşaqlar Naxçıvan Beynəlxalq Hava Limanından Bakıya, ölkəmizin paytaxtından isə Türkiyə Respublikasına yola düşüblər.

Müalicəyə yola salınan sağlamlıq imkanları məhdud uşaqların valideynlərindən biri – Babək rayon Güznüt kənd sakini Fatma İbrahimova ilə söhbətimizdə o bildirdi ki, övladı Nərmin İbrahimli serebral iflic xəstəliyindən əziyyət çəkir. Birinci dəfədir ki, övladı müalicə üçün xarici ölkəyə göndərilir. Onlara övladlarının müalicə alacağı səhiyyə ocağı haqda ətraflı məlumat verilib və bildirilib ki, bu səhiyyə ocağı Türkiyənin ən tanınmış müalicə müəssisələrindən biridir. Ona görə övladının şəfa tapacağına çox ümidlidir. Belə imkanın yaradılmasına görə dövlətimizə minnətdardır.

Naxçıvan şəhərinin Qaraçuq kənd sakini Maral Salahova övladı Qurban Salahovun müalicəyə göndərilməsini dövlətimizin sağlamlıq imkanları məhdud uşaqlara və onların ailələrinə göstərilən həm maddi, həm də mənəvi dəstək kimi dəyərləndirdi. Dedi ki, belə tədbirlər uşaqların səhhətində dönüş yaratmaqla bərabər, onların ailələrinə də dəstək olur. Övladlarının gələcəyinin dövlətimizin təminatında olduğuna bildirən Maral Salah ova bu xeyirxah addımın minnətdarlıqla qarşılandığını dedi.

Məlumat üçün bildirək ki, sağlamlıq imkanları məhdud uşaqlar reabilitasiya mərkəzində 20 gün fizioterapevtik üsullarla müalicə olunacaq. Analoji tədbir cari ilin mart ayında təşkil edilmişdi və məhdud fiziki imkanlı 10 nəfər müalicə üçün Türkiyə Respublikasına göndərilmişdi.