Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası bu kateqoriyadan olan uşaqların müasir tələblər səviyyəsində təhsil almasına, cəmiyyətə fəal inteqrasiyasına təkan verir.
Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə məhdudiyyəti olan şəxslər üçün daktilo əlifbasının tədrisi üzrə növbəti kursa başlanılıb. Məqsəd bu kateqoriyadan olan 7 şəxsin təhsilinin davam etdirilməsinin təmin edilməsidir.
İyun ayının 18-də başlayan kurs bir ay davam edəcək. Dərsləri sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi tədris edir.
Məlumat üçün qeyd edək ki, yeni tədris ilində eşitmə məhdudiyyəti olan məktəbyaşlı uşaqların təhsil alması üçün bu qəbildən olan kursun təşkili istiqamətində hazırlıq işləri görülür.