MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi silsilə tədbirlər davam etdirilir. Bu tədbirlərin davamı kimi nazirliyin təşkilatçılığı ilə iyun ayının 12-də sağlamlıq imkanları məhdud 50 məktəbli uşaq valideynlərinin müşayiəti ilə Ağbulaq İstirahət Mərkəzinə göndərilib.

Mərkəzdə uşaqların istirahəti üçün hər cür şərait yaradılıb, həmçinin onların asudə vaxtlarının səmərəli keçməsi məqsədilə proqram tərtib olunub.

Yeddi gün ərzində mərkəzdə uşaqlara müxtəlif sosial xidmətlər göstəriləcək, onlar gündə 3 dəfə yeməklə təmin olunacaqlar. 
Proqrama uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə müxtəlif idman yarışları, intellektual oyunlar keçiriləcək. Uşaqlar təbiət gəzintisinə aparılacaq, onlara vətənpərvərlik mövzusunda filmlər nümayiş etdiriləcək. Uşaqların Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etmələri və fiziki imkanları məhdud ifaçılardan ibarət musiqi qrupunun onlar qarşısında konsert proqramı ilə çıxışı təşkil olunacaqdır.