MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş „2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı“nın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müxtəlif psixo-nevroloji problemləri olan, sosial mühitə uyğunlaşmaqda çətinlik çəkən uşaqların valideynləri ilə maarifləndirici görüşlərin təşkilini davam etdirir.

Bu istiqamətdə növbəti görüş mayın 26-da  Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində daun sindromlu uşaqların valideynləri ilə keçirilib. 

Tədbirdə Naxçıvan Əlillərin Bərpa Mərkəzinin həkim-nevropatoloqu Rəfail Orucov,  Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müəllim-defektoloqu Çinarə Abbasova daun sindromlu uşaqların ailə üzvləri ilə maarifləndirici söhbət aparıb.  Məqsəd  valideynlərə bu kateqoriyadan olan uşaqlarla evdə davranış, onların təlim-tərbiyəsinin təşkilinə və ünsiyyət qurma bacarıqlarının inkişaf etdirilməsinə dair məsləhət xidməti göstərməkdir.

Qeyd olunub ki, daun sindromlu uşaqlar mülayim davranışa daha həssas münasdibət göstərdiyindən valideyn bu kateqoriyadan olan uşağına daha çox qayğı göstərməli, mütəmadi olaraq onunla ünsiyyətdə olmalıdır. Bütün bunlar daun sindromu olan uşağın inkişafına, özünə inam hissinin artmasına, onun sosial reabilitasiyasına əhəmiyyətli dərəcədə təsir göstərir. Eyni zamanda bu kateqoriyadan olan uşaqlar müvafiq tibb müəssisəsinə müalicəyə cəlb edilməlidir.

Bildirilib ki,  valideynlər Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan Defektoloji bölmənin təlim otağı, əmək terapiyası otağı, Naxçıvan Uşaq Bərpa mərkəzində isə multisensorlu terapiya otağının imkanlarından istifadə etməklə  əqli və fiziki cəhətdən inkişaf edən daun sindromlu uşaqlarının  məktəbdə təhsil almasına, onlara xas olan  bacarıqların ikişafına, cəmiyyətə inteqrasiyasına  nail ola bilərlər.

Sonda valideynləri maraqlandıran  suallar cavablandırılıb.