Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın 29-cu ildönümü münasibətilə tədbirlər keçirilib.
Naxçıvan şəhərindəki Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Qadir Əliyev çıxış edərək bildirib ki, Çernobıl Atom Elektrik Stansiyasında baş verən və böyük fəlakətlərə səbəb olan texnoloji qəzanın nəticələrinin aradan qaldırılması işlərində muxtar respublikanın 500 nəfərə yaxın sakini də iştirak edib.
Qeyd olunub ki, ölkəmizdə Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak edən və həmin qəza nəticəsində zərərçəkən şəxslər daim dövlətimizin himayəsindədirlər. Onların statusu və sosial müdafiəsini tənzimləyən müvafiq normativ-hüquqi aktlar qəbul olunub.
Muxtar respublikada bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin təmin olunması, o cümlədən müalicələrinin təşkili, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, həmçinin onlara nəqliyyat və texniki-bərpa vasitələrinin verilməsi istiqamətində xeyli tədbirlər görülüb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Çernobıl Əlilləri Cəmiyyətinin sədri Eyvaz Əsgərov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Çernobıl əlilləri adından dövlətimizə minnətdarlığını bildirib.
Həmin gün rayon mərkəzlərində də Çernobıl faciəsinin ildönümü münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və müvafiq rayon İcra Hakimiyyətinin nümayəndələri çıxış edərək Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak edən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar.
Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak edən, ümumilikdə, 263 nəfərə ərzaq payı təqdim edilib.
Qeyd edək ki, 1986-cı il aprel ayının 26-da Çernobıl Atom Elektrik Stansiyasında XX əsrin ən faciəli texnogen qəzası baş verib. Dünyanı sarsıdan qəza tək atom elektrik stansiyasının yerləşdiyi Ukrayna Respublikasını deyil, bütün qonşu ölkələrdə yaşayanları da radiasiya təhlükəsi ilə üz-üzə qoydu. Hadisə zamanı 7 minə yaxın insan həlak oldu, radiasiya nəticəsində 25 min insanın sağlamlıq imkanları məhdudlaşdı, 300 min insan yaşayış yerini tərk etməyə məcbur oldu.