Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş „2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı“nın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müxtəlif psixo-nevroloji problemləri olan, sosial mühitə uyğunlaşmaqda çətinlik çəkən uşaqların valideynləri ilə maarifləndirici görüşlər təşkil edir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq aprelin 14-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində autizm sindromlu uşaqların valideynləri ilə növbəti görüş keçirilib. Məqsəd valideynlərə bu kateqoriyadan olan uşaqlarla evdə davranış, onların təlim-tərbiyəsinin təşkilinə və ünsiyyət qurma bacarıqlarının inkişaf etdirilməsinə dair məsləhət xidməti göstərməkdir.
Tədbirdə Naxçıvan Əlillərin Bərpa Mərkəzinin həkim-nevropotoloqu Rəfail Orucov, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müəllim-defektoloqu Çinarə Abbasova autizm sindromlu uşaqların ailə üzvləri ilə maarifləndirici söhbət aparıb.
Bildirilib ki, autizm sindromlu uşaqlar əqli cəhətdən normal olurlar. Onlarda psixoloji problem olduğundan nevroloji müalicə olunmalı, defektoloji məşğələlər aparılmalıdır. Bu kateqoriyadan olan uşaqlar ana nəvazişinə daha çox ehtiyac duyurlar. Valideyn autizmli uşaqla ünsiyyətdə səbrli olmalı və ona məhəbbət göstərməli, uşağın özünün bacarığının inkişaf etdirməsinə köməklik göstərməlidir. Bütün bunlar autizmli uşağın sosial reabilitasiyasına əhəmiyyətli dərəcədə təsir göstərir.
Vurğulanıb ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan Defektoloji bölmənin təlim otağı, əmək terapiyası otağı, Naxçıvan Uşaq Bərpa mərkəzində isə multusensoru terapiya otağı müxtəlif psixo-nevroloji problemləri olan, o cümlədən autizm sindromlu uşaqlarln reabilitasiyası üçün nəzərdə tutulub. Yaradılan şəraitdən istifadə etməklə uşaqlarınızın məktəbdə təhsil almasına, onlara xas olan bacarıqlarının aşkara çıxmasına, cəmiyyətə inteqrasiyasına nail olarsınız.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.