MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Muxtar respublikada iqtisadi və mədəni həyatın bütün sahələrində müxtəlif peşə ixtisaslı kadrlara olan tələbatın təmin edilməsi, işaxtaran vətəndaşların, eləcə də sağlamlıq imkanları məhdud şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə peşə hazırlığının təşkili daim diqqət mərkəzindədir.

Fevralın 9-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən tapşırıqların, o cümlədən muxtar respublikada əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən tədbirlərin davam etdirilməsi, peşə hazırlığının əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması və əlillərin məşğulluğunun təmin edilməsinin icrası ilə bağlı bir sıra işlər görülür

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan Regional Peşə Tədris Mərkəzində kənd təsərrüfatı və xidmət sahələrində ixtisaslı kadrlara olan tələbatı, həmçinin gənclərin və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunu təmin etmək məqsədilə “traktorçu-maşınçı”, “dərzi” və “kompüter istifadəçisi” peşələri üzrə kurslar təşkil edilib.

“Traktorçu-maşınçı“ peşə kursuna hərbi xidmətdən tərxis olunan 16 nəfər, “dərzi” və “kompüter istifadəçisi” peşə kurslarına isə sağlamlıq imkanları məhdud 20 nəfər cəlb olunub.

Kurslar “traktorçu-maşınçı” və “dərzi” peşələri üzrə, müvafiq olaraq, martın 5-i və 10-da, “kompüter istifadəçisi” peşəsi üzrə isə aprelin 1-də başlanıb.

Peşə kurslarında təhsil müddəti 3 aydır. Təsdiq olunan tədris proqramına uyğun olaraq, müdavimlər mərkəzdəki elektron lövhə, kompüter sinifləri, emalatxanalar vasitəsilə peşə sirlərini öyrənəcək, həmçinin təcrübə məşğələləri ilə bilik vərdişlərinə yiyələnəcəklər