Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında bədii qiraət müsabiqəsi keçirilib.
Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən müsabiqənin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud uşaqların psixoloji vəziyyətlərinin yüksəldilməsindən və bu qrupdan olan istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.
Tədbiri Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov açaraq tədbirin keçirilməsi məqsədindən danışıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəis əvəzi Fuad Səfərov, Gənclər Fondunun məsləhətçisi Qabil Vəliyev və Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxış edərək tədbirin mahiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Sonda münsiflər tərəfindən qaliblər müəyyən edilib. Münsiflərin qərarına əsasən, Turac Pənahlı birinci yerə layiq görülüb. Digər iki pillədə isə Fatma Babayeva və Nigar İmanova qərarlaşıblar. Nigar Quliyeva, Şübeyib Hüseynov və Həsrət Abdullayev isə həvəsləndirici mükafatlara layiq görülüblər. Qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman və hədiyyələrlə təltif olunublar.