Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində “Özünə qulluq göstərə bilməyən sağlamlıq imkanları məhdud şəxslərə gigiyenik xidmət barədə təlimat” kitabçasının və onun Naxçıvan televiziyası ilə birlikdə hazırlanmış video versiyasının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat və əlillərin sosial müdafiəsi şöbəsinin müdiri Elçin Novruzov çıxış edərək bildirib ki, məhdud fiziki imkanlı şəxslər dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Muxtar respublikamızda dinamik inkişaf məhdud fiziki imkanlı şəxslərin tibbi və sosial reabilitasiyası, habelə onların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərin intensiv xarakter almasına əsaslı imkanlar yaradıb.
Şöbə müdirinin sözlərinə görə, son illər məhdud fiziki imkanlı şəxslərə göstərilən xidmətlərin həcmi artıb. Belə ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilməyən uşaqların təhsil almaları üçün Distant Tədris Mərkəzi istifadəyə verilib, görmə qabiliyyəti məhdud şəxslər üçün hər ay “Könül işığı” adlı brayl jurnalının nəşri təmin edilib, məhdud fiziki imkanlı şəxslərə göstərilən audio və elektron kitabxana xidmətinin həcmi artırılaraq yeni bölmələr yaradılıb.
Naxçıvan Əlillərin Bərpa Mərkəzinin həkim-nevropatoloqu Rəfayil Orucov çıxışında qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası məqsədilə Naxçıvan Uşaq Bərpa Mərkəzində multisensorlu terapiya otağı yaradılıb, eyni zamanda serebral iflicli, autizm və daun sindromlu, periferik sinir xəstəliyi olan uşaqların sosial inteqrasiyasına nail olmaq məqsədilə valideynlərlə maarifləndirici görüşlər keçirilib.
Bildirilib ki, “Qayğı ilə ümid yarat” adlı kitabçanın nəşri və onun video versiyasının hazırlanması özünə qulluq göstərə bilməyən, başqasının yardımına ehtiyac duyan sağlamlıq imkanları məhdud şəxslərə qulluq göstərilməsi baxımından olduqca əhəmiyyətlidir.
Özünə qulluq göstərə bilməyən sağlamlıq imkanları məhdud şəxslərə gigiyenik xidmət barədə təlimatın hazırlanmasında əsas məqsəd bu kateqoriyadan olan şəxslərə göstərilən gigiyenik xidmətin xüsusiyyətləri haqqında məlumatların verilməsidir.
Qeyd olunub ki, bu təlimatın audio versiyasının hazırlanıb audiokitabxana xidmətinin kataloquna daxil edilməsi görmə qabiliyyəti məhdud şəxslərə xidmət göstərən şəxslər üçün də faydalı olacaqdır. İlk dəfə olaraq hazırlanan bu təlimat sağlamlıq imkanları məhdud şəxslərə xidmət göstərənlərə pulsuz olaraq çatdırılacaq.
Sonra tədbirdə özünə qulluq edə bilməyən sağlamlıq imkanları məhdud şəxslərə xidmət göstərən 20 şəxsə “Qayğı ilə ümid yarat” adlı kitabça və videodisk təqdim edilib.